Antidopinq sahəsində fəaliyyət göstərən hər bir tərəfin müəyyən hüquqları və öhdəlikləri vardır. Aşağıda idmançılar, idmançı köməkçi heyəti və milli idman federasiyaları üçün ayrı-ayrılıqda bu hüquq və öhdəliklər təqdim olunur.
İdmançılar
İdmançılar Məcəllə və Antidopinq Qaydaları ilə nəzərdə tutulan bütün maddi və prosessual hüquqlardan istifadə etmək hüququna malikdirlər. İdmançıların hüquqlarının siyahısı ilə İdmançıların Antidopinq Hüquqları Aktında tanış ola bilərsiniz.
- Antidopinq Qaydaları ilə tanış olmaq və onlara riayət etmək.
- Hər an nümunələrin toplanması üçün hazır olmaq.
- Dopinqlə mübarizə kontekstində, qəbul və istifadə etdikləri istənilən maddəyə görə məsuliyyət daşımaq.
- Qadağan edilmiş maddə və üsullardan istifadə edilməməsinə dair öhdəlikləri olduğuna dair tibb personalına məlumat vermək və aldığı hər hansı tibbi müalicənin hazırkı Antidopinq Qaydalarını pozmamasına görə məsuliyyət daşımaq.
- Son on (10) il ərzində Məcəlləni imzalamayan təşkilat tərəfindən idmançının antidopinq qayda pozuntusunun aşkar edilməsi barədə hər hansı qərarı mövcuddursa, bu barədə özünün Beynəlxalq Federasiyasına və AMADA-ya məlumat vermək.
- Antidopinq qayda pozuntularının təhqiqatını aparan Antidopinq Təşkilatları ilə əməkdaşlıq etmək.
- AMADA, Milli Federasiya və ya idmançı üzərində yurisdiksiyası olan hər hansı digər Antidopinq Təşkilatı tərəfindən tələb edildikdə, idmançı köməkçi heyəti üzvlərinin şəxsiyyətini açıqlamaq.
- Antidopinq qayda pozuntusu ilə əlaqədar AMADA və ya digər Antidopinq Təşkilatının qərarına əsasən geri qaytarılması tələb edilmiş pul mükafatlarını, maddi və ya digər nemətləri, habelə beynəlxalq və milli yarışlarda əldə edilmiş medalları qaytarmaq.
- Dopinq nəzarəti rəsmisinə və ya dopinq nəzarətini həyata keçirən digər şəxsə qarşı idmançı tərəfindən təhqiredici davranış saxtalaşdırma kimi qiymətləndirilmədiyi hallarda müvafiq qanunvericiliyə əsasən intizam tədbirləri ilə nəticələnə bilər.
İdmançının Köməkçi Heyəti
- Antidopinq Qaydaları ilə tanış olmaq və onlara riayət etmək.
- İdmançıların test edilməsi proqramı ilə əməkdaşlıq etmək.
- Antidopinq münasibətlərini inkişaf etdirmək üçün idmançının dəyər və davranışlarına təsir etmək.
- Son on (10) il ərzində Məcəlləni imzalamayan təşkilat tərəfindən idmançının antidopinq qayda pozuntusunun aşkar edilməsi barədə hər hansı qərarı mövcuddursa, bu barədə özünün Beynəlxalq Federasiyasına və AMADA-ya məlumat vermək.
- Antidopinq qayda pozuntularının təhqiqatını aparan Antidopinq Təşkilatları ilə əməkdaşlıq etmək.
- İdmançının köməkçi heyəti etibarlı əsaslandırma olmadan qadağan edilmiş maddə və ya qadağan edilmiş üsuldan istifadə edə və ya onlara sahib ola bilməz.
- Dopinq nəzarəti rəsmisinə və ya dopinq nəzarətini həyata keçirən digər şəxsə qarşı idmançının köməkçi heyəti tərəfindən təhqiredici davranış saxtalaşdırma kimi qiymətləndirilmədiyi hallarda müvafiq qanunvericiliyə əsasən intizam tədbirləri ilə nəticələnə bilər.
Milli Federasiyalar
Milli idman federasiyalarının öhdəlikləri:
- Milli antidopinq qurumu, icazə qurumu, intizam qurumu və apellyasiya qurumunun müstəqilliyinə hörmət etmək, onların qərarlarına və fəaliyyətinə müdaxilə etməmək.
- Tabeliyində olan qurumlardan antidopinq qayda pozuntuları ilə bağlı milli antidopinq qurumuna hesabatların verilməsini və səlahiyyətli antidopinq təşkilatları tərəfindən aparılan araşdırmalar zamanı onlarla əməkdaşlıq etmələrini tələb etmək.
- Tabeliyində olan qurumlar tərəfindən təşkil edilən tədbirlərdə dopinq testin keçirilməsi üçün məntəqənin ayrılması da daxil olmaqla araşdırma işində əməkdaşlıq etmək.
- Milli antidopinq qurumunun qeydiyyata alınmış test qrupuna daxil olan idmançıların olduğu yer ilə bağlı məlumatların verilməsi də daxil olmaqla təşkilati və texniki tədbirlər görmək.
- İdmançının köməkçi heyətinin və ya digər şəxslərin dopinqin tətbiqi ilə bağlı araşdırmalara cəlb olunmasını və antidopinq qayda pozuntularına görə tətbiq edilmiş sanksiyaların icra olunmasını səlahiyyətləri daxilində təmin etmək və bunlar barədə milli antidopinq qurumuna hesabat vermək, habelə yetkinlik yaşına çatmayanlarla bağlı antidopinq qaydalarının pozulması haqqında araşdırmalar aparmaq.
- Qadağan edən siyahıda göstərilən maddə və metodlar haqqında məlumatlı olmaq, onlara riayət etmək və buna görə məsuliyyət daşımaq.
İdmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda respublika idman federasiyaları bu Qanuna və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq həmin sanksiyanın icra edilməsini təmin etməlidirlər. Bu öhdəliyin yerinə yetirilməməsi pozuntu hesab olunur və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənədək kəsilməsinə səbəb olur.
Milli idman federasiyalarının öhdəlikləri:
- İdmanda dopinq vasitələri və (və ya) üsullarından istifadəyə, eləcə də idmanda ayrı-seçkilik və zorakılığa qarşı fəaliyyət göstərmək, mübarizə aparmaq.
- "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa və milli antidopinq qurumunun qaydalarına uyğun olaraq, idmançıya və ya onun köməkçi heyətinə sanksiya tətbiq edildiyi halda, həmin sanksiyaların icra olunmasını təmin etmək. Bu öhdəliklərin yerinə yetirilməməsi pozuntu hesab edilir və dövlət büdcəsindən ayrılan maliyyə dəstəyinin həmin tələblər yerinə yetirilənədək kəsilməsinə səbəb olur.
- Respublika idman federasiyaları dopinq nəzarəti sahəsində tədbirlər həyata keçirməli, dopinq vasitələri və (və ya) üsullarından istifadə edən idmançılara və onları dopinq vasitələri və (və ya) üsullarından istifadə etməyə məcbur edən şəxslərə qarşı müvafiq tədbirlər görməlidirlər. İdman tədbirlərinin təşkilatçıları beynəlxalq idman təşkilatlarının şərtlərinə, qərarlarına və qanunvericiliyin tələblərinə riayət etməklə dopinq nəzarətinin keçirilməsi üçün şərait yaratmalıdırlar.
Milli idman federasiyalarının öhdəlikləri:
- Antidopinq Qaydalarına riayət etmək və Antidopinq Qaydalarının icrasının təmin edilməsi üçün AMADA-nın səlahiyyəti və öhdəliyinin tanınması üçün zəruri olan müddəaları öz siyasətlərinə, qaydalarına və proqramlarına daxil etmək.
- Azərbaycanın Milli Antidopinq Proqramını və bu Antidopinq Qaydalarını qəbul edərək onların məqsəd və şərtlərinə riayət etmək və Antidopinq Qaydalarına riayəti təmin etmək məqsədilə müvafiq tədbirlər görmək.
- AMADA ilə əməkdaşlıq etmək və onu dəstəkləmək, öz səlahiyyətləri altında olan şəxslərə cəzaları tətbiq edən qərarlar daxil olmaqla, Antidopinq Qaydalarına əsasən qəbul edilmiş qərarları tanımaq, onlara riayət etmək və icra etmək.
- İdmançılardan və onların köməkçi heyətindən Antidopinq Qaydalarına riayət etmələri barədə razılaşma tələb etmək, bu iştirakın şərti kimi Məcəlləyə uyğun olaraq Antidopinq Təşkilatının nəticələrin emalı səlahiyyətinə tabe olmalarını təmin etmək.
- Antidopinq qayda pozuntusu şübhəsi və ya bununla bağlı məlumatları AMADA və müvafiq Beynəlxalq Federasiyaya bildirmək, səlahiyyətli Antidopinq Təşkilatlarının təhqiqatları ilə əməkdaşlıq etmək, qadağan edilmiş maddə və üsullardan istifadə edən idmançıların köməkçi heyətinin idmançılara dəstəyinin qarşısını almaq üçün intizam qaydaları tətbiq etmək və AMADA ilə əməkdaşlıq edərək antidopinq təhsilini həyata keçirmək.
- Öncədən bildirişsiz testlərin aparılması üçün dopinq nəzarəti rəsmilərinin idmançıların yerləşdiyi məkanlara dərhal və maneəsiz giriş-çıxışını təmin etmək və zəruri şəraiti yaratmaq. Həmçinin, antidopinq qayda pozuntusu törətdiyi müəyyən edilən şəxslər tərəfindən əldə olunmuş pul mükafatlarının, maddi və digər nemətlərin (o cümlədən medalların) müvafiq qərarlara əsasən geri qaytarılmasını təmin etmək.
- Milli yığma siyahılarını və bu siyahılarda baş verən dəyişiklikləri;
- Milli əhəmiyyətli yarışların siyahısını və dəyişiklikləri;
- Təlim-məşq toplantılarının siyahısını (ünvan və tarixlərlə) və dəyişiklikləri;
- Beynəlxalq yarış və tədbirlərin siyahısını, eləcə də iştirakçı idmançıların siyahısını — müvafiq olaraq müəyyən edilmiş müddətlərdə (əsasən 1 fevral tarixinədək və ya dəyişiklikdən sonra 7 gün ərzində, yaxud yarışdan əvvəl müəyyən edilmiş minimum müddətlərdə) redaktə edilə bilən formada AMADA-ya təqdim etmək.
- Milli əhəmiyyətli yarışların təşkilatçıları olduqları halda, yarışanların ilkin siyahısını (start list) və məkan məlumatını ən azı 3 gün əvvəl təqdim etmək (xüsusi hallarda məlumat dərhal təqdim edilir).
- Hərbi xidmətdə olan idmançıların siyahısını xidmətə başlamazdan ən azı 3 gün əvvəl AMADA-ya təqdim etmək.
- Qeydiyyata alınmış Test Qrupu və ya Test Qrupuna daxil olan idmançıların məkan məlumatı öhdəliklərinə riayət etmələrini təmin etmək üçün onlara dəstək göstərmək, dopinq nəzarəti zamanı tələb olunduqda təlim-məşq toplantısında iştirak edən idmançıların siyahısını təqdim etmək və AMADA tərəfindən aparılan uyğunluq monitorinqi çərçivəsində bütün tələblərə riayət edib əməkdaşlıq etmək.
- Məcəlləyə uyğun olaraq şərti kənarlaşdırılmış və ya diskvalifikasiya olunmuş, yaxud son altı il ərzində qəsdən antidopinq qayda pozuntusu törətmiş şəxslərlə (təhsil və reabilitasiya proqramları istisna olmaqla) dopinq nəzarəti, idman hazırlığı və ya tibbi xidmət, nəzarət və idarəetmə funksiyaları üzrə müqavilə bağlamamaq, belə hallar aşkar edildikdə isə mövcud müqavilələri qanunvericiliyə uyğun olaraq ləğv etmək.