TERAPEVTİK İSTİFADƏ ÜÇÜN İSTİSNA (Tİİ) NƏDİR?
İdmançıların dərman qəbul etmələrini və ya prosedurlardan keçmələrini tələb edən tibbi vəziyyətləri və ya xəstəlikləri ola bilər. İdmançının hər hansı xəstəliyinin və ya tibbi vəziyyətinin müalicə olunması üçün istifadəsi tələb olunan maddə və ya üsul Ümumdünya Antidopinq Agentliyinin (WADA) Qadağan edilmiş Siyahısına əsasən qadağan olduqda, Tİİ həmin idmançıya bu maddəni və ya üsulu Antidopinq Qayda Pozuntusuna (AQP) yol vermədən və müvafiq sanksiyaya məruz qalmadan idmanda istifadə etmək üçün icazə verə bilər. Tİİ üçün müraciətlər Tİİ Komitəsinin (TİİK) həkim heyəti tərəfindən qiymətləndirilir.
TİİK tərəfindən verilmiş Tİİ istənilən milli səviyyədə istənilən ölkədə etibarlıdır və onun hər hansı digər Milli Antidopinq Təşkilatı tərəfindən tanınması zəruri deyil.
Tİİ-NİN VERİLMƏSİ ÜÇÜN HANSI MEYARLAR MÖVCUDDUR?
Aşağıda qeyd edilən 4 meyarın hər biri qarşılanmalıdır (ətraflı məlumat üçün WADA-nın Tİİ üzrə Beynəlxalq Standartının 4.2-ci maddəsinə istinad edin):
- Sual altında olan qadağan edilmiş maddə və ya üsul, müvafiq kliniki dəlillərlə dəstəklənmiş diaqnozlu tibbi vəziyyətin müalicəsi üçün tələb olunur.
- Qadağan edilmiş maddə və ya üsul, ehtimallar balansı ilə, idmançının normal sağlam vəziyyətinə qayıtmasından sonra əlavə olaraq idman göstəricilərinin artımına səbəb olmayacaq.
- Qadağan edilmiş maddə və ya üsul tibbi vəziyyət üçün təyin edilmiş müalicədir və digər bir ağlabatan terapevtik alternativ mövcud deyil.
- Qadağan edilmiş maddə və ya üsulun istifadəsinə zərurət, qadağan edilmiş maddə və ya üsulun (Tİİ olmadan) əvvəlki istifadəsinin nə tam, nə də qismən nəticəsi deyildir.