Antidopinq qayda pozuntuları üzrə dinləmə prosesi 4 əsas mərhələdən ibarətdir. Hər mərhələdə tərəflərin müəyyən hüquqları və müraciət imkanları vardır.

1

Dinləmədən Öncəki Mərhələ

Dinləmədən öncəki mərhələ AMADA tərəfindən həyata keçirilir. Antidopinq qayda pozuntusuna dair məlumatlar AMADA-ya aşağıdakı mənbələrdən (laboratoriya nəticələri, şahid ifadələri, etiraflar, anonim məlumatlar, Dopinq Nəzarəti İnspektorlarının hesabatları, aparılmış araşdırmaların nəticələri və s.) daxil ola bilər. Antidopinq qayda pozuntusuna işarə edən məlumatlar AMADA tərəfindən aşkar edildikdən sonra fakt üzrə ilkin yoxlama (idmançı və ya digər şəxsin daha əvvəl antidopinq qayda pozuntusu törədib-törətməməsi, qadağan edilmiş maddəni icazə verilən üsulla qəbul edib-etməməsi, terapevtik istifadə üçün icazənin olub-olmaması) həyata keçirilir.

İlkin yoxlama başa çatdıqdan sonra, AMADA tərəfindən idmançıya və ya digər şəxsə mümkün antidopinq qayda pozuntusuna dair ilkin bildiriş göndərilir və baş vermiş hadisə ilə əlaqədar izahat və pozuntunun baş verməsini təkzib edən mövcud sübutların təqdim edilməsi xahiş edilir.

İdmançı və ya digər şəxs tərəfindən təqdim edilən izahatlar və sübutlar AMADA tərəfindən hərtərəfli və obyektiv qiymətləndirilir. Əgər müəyyən edilmiş müddət ərzində əsaslı səbəb olmadan izahat təqdim olunmazsa, bu hal antidopinq qayda pozuntusunun idmançı tərəfindən qəbul edilməsi kimi qəbul edilir. İzahatların və təqdim edilmiş sübutların qiymətləndirilməsindən sonra, AMADA antidopinq qayda pozuntusunun törədildiyi qənaətində olarsa idmançıya və ya digər şəxsə sanksiya bildirişi məktubu göndərilir.

Sanksiya bildiriş məktubunda göstərilənlər:
  • Müəyyən edilmiş antidopinq qayda pozuntusu
  • Tətbiq olunması nəzərdə tutulan sanksiya
  • Müvafiq hüquqi nəticələr və hüquqi müdafiə imkanları

İdmançı və ya digər şəxs tərəfindən sanksiya qəbul edildikdə və ya sanksiyaya etiraz edilmədikdə baş vermiş pozuntu üzrə dinləmə keçirilmədən AMADA tərəfindən qərar qəbul edilir. AMADA-nın qəbul etdiyi qərarlara yalnız Apellyasiya Komitəsi və ya İdman Arbitraj Məhkəməsi tərəfindən yenidən baxıla bilər. Digər məhkəmələr və ya qurumlar bu qərarları dəyişdirə və ya ləğv edə bilməz.

2

İntizam Komitəsi

İdmançı və ya digər şəxs AMADA-nın təqdim etdiyi sanksiya ilə razılaşmadıqda dinləmə keçirilməsini və işinə Antidopinq İntizam Komitəsi tərəfindən baxılmasını tələb edə bilər.

Antidopinq İntizam Komitəsi, "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Səhiyyə Nazirliyi tərəfindən təsis edilmiş və antidopinq qaydalarının pozulması ilə bağlı işlərə baxan müstəqil qurumdur.

Komitənin qəbul etdiyi qərarlara yalnız Apellyasiya Komitəsi və ya İdman Arbitraj Məhkəməsi tərəfindən yenidən baxıla bilər. Digər məhkəmələr və ya qurumlar bu qərarları dəyişdirə və ya ləğv edə bilməz.

Dinləmə tələb etmək üçün bura klikləyin
3

Apellyasiya Komitəsi

Həm AMADA-nın, həm də İntizam Komitəsinin antidopinq qayda pozuntuları üzrə qəbul edilmiş qərarlarından apellyasiya şikayəti verilməsi mümkündür. Apellyasiya şikayəti vermə hüququ olan tərəf yazılı qərarı əldə etdikdən sonra 21 gün ərzində "İdmanda dopinq vasitələrindən və üsullarından istifadəyə qarşı mübarizə haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən Səhiyyə Nazirliyi tərəfindən təsis edilmiş Apellyasiya Komitəsinə şikayət verə bilər.

Apellyasiya Komitəsi tərəfindən qəbul edilən qərar İdman Arbitraj Məhkəməsindən başqa digər məhkəmə, arbitraj, dinləmə orqanı tərəfindən ləğv edilə, dəyişdirilə və ya etibarsız hesab edilə bilməz.

Apellyasiya şikayəti vermək üçün bura klikləyin
4

İdman Arbitraj Məhkəməsi

1984-cü ildə təsis edilən İdman Arbitraj Məhkəməsi idmanla əlaqəli mübahisələrin arbitraj və ya mediasiya yolu ilə idman dünyasının spesifik ehtiyaclarına uyğunlaşdırılmış prosessual qaydalarla həll olunmasını təmin etmək üçün fəaliyyət göstərən müstəqil bir qurumdur.

Beynəlxalq səviyyəli idmançılara, milli səviyyəli idmançılara və digər şəxslərə qarşı irəli sürülmüş antidopinq qayda pozuntusu iddiası ilə əlaqədar mübahisələrə idmançının və ya digər şəxsin, AMADA-nın (nəticələrin emalı üzrə səlahiyyəti olduğu halda) və WADA-nın razılığı əsasında birbaşa İdman Arbitraj Məhkəməsində tək dinləmə ilə baxıla bilər.

Beynəlxalq səviyyəli idmançılar və ya beynəlxalq tədbirlərlə bağlı apellyasiyalar ilə bağlı aşağıdakı tərəflərin İdman Arbitraj Məhkəməsinə apellyasiya şikayəti vermək hüququ var:

  • (a) apellyasiya şikayəti verilən qərarın aid olduğu idmançı və ya digər şəxs;
  • (b) qərar verilmiş mübahisənin digər tərəfi;
  • (c) müvafiq Beynəlxalq Federasiya;
  • (d) AMADA və (fərqli olduqda) şəxsin resident ölkəsinin, vətəndaşı və ya lisenziya sahibi olduğu ölkələrin Milli Antidopinq Təşkilatı;
  • (e) Olimpiya və ya Paralimpiya Oyunlarında iştirak hüququna təsir edən qərarlar daxil olmaqla, Olimpiya və ya Paralimpiya Oyunlarına münasibətdə təsiri ola bilən qərarla bağlı, müvafiq olaraq Beynəlxalq Olimpiya Komitəsi və ya Beynəlxalq Paralimpiya Komitəsi;
  • (f) WADA.

WADA, Beynəlxalq Olimpiya Komitəsi, Beynəlxalq Paralimpiya Komitəsi və müvafiq Beynəlxalq Federasiya həmçinin Apellyasiya Komitəsinin qərarları ilə bağlı İdman Arbitraj Məhkəməsinə apellyasiya qaydasında şikayət vermək hüququna malikdirlər.

Rüsumlar haqqında

Qeyd: İdman Arbitraj Məhkəməsinə edilən müraciətlə bağlı bütün rüsumlar, inzibati və digər əlaqədar xərclər müraciət edən şəxs tərəfindən müstəqil qaydada qarşılanır.