10-12 dekabr 2025-ci il tarixlərində Azərbaycan Milli Antidopinq Agentliyinin (AMADA) rəhbər heyəti Avstriyada işgüzar səfərdə olub. Nümayəndə heyətində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə və İcraçı direktorun müavini Rüfət Efendiyev yer alıblar.
Səfər çərçivəsində Avstriyanın Milli Antidopinq Agentliyi (NADA Austria) ilə Anlaşma Memorandumu imzalanıb. Memoranduma Təhminə Tağı-zadə və NADA Austria-nın icraçı direktoru Mixael Sepiç imza atıblar və agentliklər arasında əməkdaşlıq üçün yeni çərçivə formalaşdırıblar.
Anlaşma Memorandumu Ümumdünya Antidopinq Məcəlləsi və Beynəlxalq Standartlara uyğun olaraq əməkdaşlıq sahələrini müəyyən edir. Bu sahələrə nəticələrin idarə olunması, antidopinq təhsili və profilaktika, testetmə, tədqiqatlar, eləcə də təhqiqat və araşdırmalar daxildir.
Nümayəndə heyəti NADA Austria-nın qərargahında işgüzar görüşlər keçirib. Sonra Zaybersdorfda yerləşən, WADA tərəfindən akkreditə olunmuş Dopinq Nəzarəti Laboratoriyasında olub. Laboratoriyanın direktoru, professor Günter Gmayner qlobal antidopinq sistemində laboratoriyanın rolunu izah edib.
AMADA-nın rəhbər heyətinin Avstriya səfəri beynəlxalq əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm addımdır.