Antidopinq qaydaları, prosedurlar və risklər üzrə əsas bilikləri əldə edin. Bu məlumatlar idmanda iştirak edən bütün tərəflər üçün vacibdir.

Əsas mövzular

11 əsas mövzu təqdim olunur

Antidopinq qayda pozuntuları (AQP)

Ümumdünya Antidopinq Agentliyi (WADA) tərəfindən müəyyən edilmiş Ümumdünya Antidopinq Məcəlləsinə əsasən 11 qayda pozuntusu.

Hüquqlar və öhdəliklər

İdmançıların əsas hüquqları və antidopinq sahəsində öhdəlikləri.

Dopinqin nəticələri

Sağlamlıq, sosial, maliyyə və idman nəticələrinə təsiri.

Antidopinq sistemi

WADA, AMADA və beynəlxalq federasiyaların idmanın qorunmasında rolu.

Dəyərlər və etika

İdmanın əsas prinsipləri və ədalətli oyunun əhəmiyyəti.

Dopinq nəzarəti prosedurları

Sidik və qan nümunələrinin götürülməsi prosesinin mərhələləri.

Qadağan olunmuş siyahı

Yarış müddətində və yarışdan kənar müddətdə qadağan edilmiş maddə və üsullar.

Məkan məlumatları və ADAMS sistemi

Test qrupunda olan idmançılar üçün məkan məlumatlarının təqdim edilməsi qaydaları.

Terapevtik İstifadə üçün İstisna (Tİİ)

Tibbi zərurət olduqda Tİİ üçün müraciət qaydaları.

Dərman vasitələri

İstifadə olunan dərmanların idmanda icazəli olub-olmadığının yoxlanılması.

Qida əlavələrinin riskləri

Çirklənmə və yoxlanılmamış məhsulların yaratdığı risklər.

Ciddi Məsuliyyət prinsipi

İdmançının orqanizmində aşkar edilən maddələrə görə məsuliyyəti.

Dopinq şübhələrinin bildirilməsi

Pozuntu ehtimallarının təhlükəsiz şəkildə bildirilməsi mexanizmləri.

Axtardığınız məlumatı tapa bilmədiniz? Tez-tez soruşulan suallara baxa və ya birbaşa AMADA-nın təhsil komandası ilə əlaqə saxlayın:

Antidopinq qayda pozuntuları (AQP)

Dopinq yalnız müsbət test nəticəsi ilə məhdudlaşmır. WADA tərəfindən müəyyən edilmiş Ümumdünya Antidopinq Məcəlləsinə əsasən antidopinq qayda pozuntusunun baş verə biləcəyi 11 hal mövcuddur.

11 antidopinq qayda pozuntusu

Bu pozuntuların mahiyyətini dərk etmək hər bir idmançının və idmançının köməkçi heyətinin öhdəliyidir. Qaydaları bilməmək Ciddi Məsuliyyət prinsipi çərçivəsində müdafiə hesab edilmir.

(Şamil olunur: idmançılar və idmançının köməkçi heyəti)

Antidopinq qayda pozuntuları – izahlı
  1. Nümunədə qadağan olunmuş maddənin aşkar edilməsi (Presence) — İdmançının qan və ya sidik nümunəsində qadağan olunmuş maddənin, onun metabolitlərinin və ya markerlərinin aşkar edilməsi. Bu hal Ciddi Məsuliyyət prinsipi əsasında qiymətləndirilir.
  2. Qadağan olunmuş maddə və ya üsuldan istifadə və ya istifadəyə cəhd (Use or Attempted Use) — İdmançının qadağan olunmuş maddə və ya üsuldan istifadə etməsi və ya buna cəhd göstərməsi.
  3. Nümunə təqdim etməkdən yayınma, imtina və ya nümunəni təqdim etməmək (Evading, Refusing or Failing to Submit) — Müvafiq bildirişdən sonra əsaslı səbəb olmadan nümunə təqdim etməmək və ya bu prosesdən yayınmaq.
  4. Məkan məlumatı pozuntuları (Whereabouts Failures) — Qeydiyyata alınmış Test Qrupuna (QTQ) daxil olan idmançının 12 aylıq dövr ərzində üç dəfə məkan məlumatlarını düzgün təqdim etməməsi və ya göstərilən vaxtda qeyd olunan ünvanda olmaması.
  5. Dopinq nəzarəti prosesinə müdaxilə və ya müdaxilə cəhdi (Tampering or Attempted Tampering) — Dopinq nəzarətinin hər hansı mərhələsinə müdaxilə etmək və ya buna cəhd göstərmək (məsələn, nümunənin dəyişdirilməsi və ya yanlış məlumat verilməsi və s.).
  6. Qadağan olunmuş maddə və ya üsula sahiblik (Possession) — İdmançı və ya idmançının köməkçi heyətinin qadağan olunmuş maddəni və ya üsulu özündə saxlaması.
  7. Qadağan olunmuş maddə və ya üsulların dövriyyəsi (Trafficking or Attempted Trafficking) — Qadağan olunmuş maddələrin və ya üsulların istehsalı, daşınması, satışı və ya paylanması, yaxud buna cəhd edilməsi.
  8. Qadağan olunmuş maddə və ya üsulun tətbiqi və ya tətbiqinə cəhd (Administration or Attempted Administration) — Hər hansı şəxsin idmançıya qadağan olunmuş maddə və ya üsul tətbiq etməsi və ya buna cəhd göstərməsi.
  9. Əlbirlik və ya əlbirlik cəhdi (Complicity or Attempted Complicity) — Antidopinq qayda pozuntusuna və ya belə bir pozuntuya cəhdə yardım etmək, təşviq etmək, gizlətmək və ya bu prosesdə iştirak etmək.
  10. Qadağan olunmuş əməkdaşlıq (Prohibited Association) — Sanksiya tətbiq edilmiş idmançının köməkçi heyəti üzvləri (məşqçi, həkim və s.) ilə peşəkar və ya idman fəaliyyəti çərçivəsində əməkdaşlıq etmək.
  11. Məlumat verməkdən çəkindirmə və ya qisas (Discourage or Retaliate Against Reporting) — Hər hansı şəxsi dopinq şübhələri barədə məlumat verməkdən çəkindirmək, qorxutmaq və ya məlumat verdiyinə görə ona qarşı mənfi tədbirlər görmək.

Hüquqlar və öhdəliklər

İdmançıların və idmançının köməkçi heyətinin hüquq və öhdəlikləri WADA tərəfindən qəbul edilmiş Ümumdünya Antidopinq Məcəlləsi, Beynəlxalq Standartlar və İdmançıların Antidopinq Hüquqları Aktı ilə müəyyən edilir.

Hüquqlar
  • Dopinq nəzarəti prosesi barədə məlumat almaq hüququ
  • Nümunə götürülməsi zamanı nümayəndənin (şahidin) iştirakını tələb etmək hüququ
  • Tibbi zərurət olduqda Terapevtik İstifadə üçün İstisna (Tİİ) əldə etmək hüququ
  • İddia edilən qayda pozuntusu barədə vaxtında məlumatlandırılmaq və ədalətli dinlənilmə hüququ
  • Dopinq Nəzarəti Formasına (DNF) qeydlər və iradlar daxil etmək hüququ
  • Şəxsi məlumatların məxfiliyinin qorunması hüququ
Öhdəliklər
  • İstənilən vaxt dopinq nəzarətinə tabe olmaq
  • Qəbul edilən bütün dərman vasitələri və qida əlavələrinə görə məsuliyyət daşımaq
  • Qeydiyyata alınmış Test Qrupunun (QTQ) üzvü olduqda, məkan məlumatlarını vaxtında ADAMS sistemi vasitəsilə təqdim etmək
  • Tibb mütəxəssislərinə idmançı olduğunuz barədə məlumat vermək
Mühüm risk amiliHüquqlarınızı bilməmək antidopinq qayda pozuntularına səbəb ola bilər. Öhdəliklərin yerinə yetirilməməsi isə birbaşa sanksiyalara gətirib çıxarır.
Resurslar
Öyrənməyə davam edin

Növbəti əsas mövzu ilə tanış olun: Dopinqin nəticələri haqqında öyrən →

Dopinqin nəticələri

Dopinq qısa müddətli üstünlük vəd etsə də, onun uzunmüddətli nəticələri ciddi və çoxşaxəlidir. Sağlamlığa vurulan zərər, idman karyerasının itirilməsi, maliyyə itkiləri və nüfuzun zədələnməsi geri dönüşü olmayan nəticələrə səbəb ola bilər.

Ümumi təsirlər
  • Sağlamlıq: Qadağan olunmuş maddələr və üsullar ürək-damar, qaraciyər, sinir sistemi və hormonal tarazlıq üzərində ciddi və bəzən geri dönməz təsirlər yarada bilər.
  • Karyera: Antidopinq qayda pozuntularına görə tətbiq olunan sanksiyalar (adətən 4 ilədək diskvalifikasiya) idman karyerasının davam etdirilməsini əhəmiyyətli dərəcədə məhdudlaşdırır.
  • Nəticələrin ləğvi: Qayda pozuntusu ilə əlaqəli dövrdə əldə olunmuş bütün nəticələr, medallar və xallar ləğv edilir.
Sağlamlıq riskləri

WADA tərəfindən aparılan tədqiqatlara əsasən müxtəlif maddə kateqoriyaları aşağıdakı riskləri yaradır:

  • Anabolik agentlər: yüksək risk
  • Peptid hormonları (məsələn, EPO, HGH): yüksək risk
  • Stimullaşdırıcı maddələr: yüksək risk
  • Beta-2 agonistlər: orta-yüksək risk
  • Hormon və metabolik modulyatorlar: yüksək risk
  • Diuretiklər və gizlədici maddələr: orta risk
  • Qan manipulyasiyası və gen dopinqi: yüksək risk
  • Narkotik maddələr: yüksək risk
Qeyri-əlverişli analiz nəticəsindən (AAF) sonra proses

Antidopinq nəzarəti nəticəsində qeyri-əlverişli analiz nəticəsi (AAF) aşkar edildikdə aşağıdakı prosedurlar tətbiq olunur:

  1. AAF bildirilməsi: Akkreditə olunmuş laboratoriya nəticəni təqdim edir.
  2. Bildiriş: İdmançıya rəsmi məlumat göndərilir.
  3. Şərti kənarlaşdırma: İdmançı müvəqqəti olaraq yarışlardan kənarlaşdırıla bilər.
  4. Dinləmə prosesi: İdmançı izahat təqdim edə və B nümunəsinin analizini tələb edə bilər.
  5. Sanksiya: Müvafiq qayda pozuntusuna əsasən diskvalifikasiya və digər tədbirlər tətbiq olunur.
  6. Apellyasiya hüququ: Qərardan sonra İdman Arbitraj Məhkəməsinə (Court of Arbitration for Sport – CAS) şikayət verilə bilər.
Karyera və sosial nəticələr

İdman nəticələri:

  • Yarış nəticələri, medallar və reytinq xalları ləğv edilir
  • Müəyyən müddətə yarışlardan kənarlaşdırılma tətbiq olunur
  • İdman fəaliyyəti ilə bağlı digər rollar (məşqçilik və s.) məhdudlaşdırıla bilər

Maliyyə təsirləri:

  • Dövlət dəstəyi və maliyyə təminatı dayandırıla bilər
  • Sponsorluq müqavilələri ləğv edilə bilər
  • Mükafat və stipendiyaların geri qaytarılması tələb oluna bilər

Nüfuz və psixoloji təsirlər:

  • İctimai etimadın azalması
  • Peşəkar və şəxsi münasibətlərə mənfi təsir
  • Uzunmüddətli psixoloji gərginlik və sosial təcrid riski
Dopinq istifadəsinin nəticələri yalnız hüquqi sanksiyalarla məhdudlaşmır. Bu, sağlamlıq, karyera, maliyyə vəziyyəti və şəxsi nüfuz üzərində ciddi və uzunmüddətli təsirlərə səbəb olur.
Resurslar

Antidopinq sistemi

Antidopinq sistemi tək bir qurum tərəfindən deyil, qarşılıqlı əlaqədə fəaliyyət göstərən çoxsəviyyəli beynəlxalq struktur vasitəsilə idarə olunur. Bu sistemin hər bir iştirakçısı konkret funksiyalar yerinə yetirir. İdmançılar və idmançının köməkçi heyəti üçün bu strukturu anlamaq düzgün məlumat mənbəyini müəyyən etmək və müvafiq hallarda düzgün quruma müraciət etmək baxımından vacibdir.

Əsas qurumlar və funksiyaları
  • WADA (WADA – Ümumdünya Antidopinq Agentliyi) — Ümumdünya Antidopinq Məcəlləsini, Qadağan olunmuş siyahını və Beynəlxalq Standartları hazırlayır və tətbiqinə nəzarət edir. Həmçinin, laboratoriyaların akkreditasiyasını həyata keçirir və uyğunluğu monitorinq edir.
  • AMADA (Azərbaycan Milli Antidopinq Agentliyi) — Azərbaycanda antidopinq sisteminin idarə olunmasını təmin edir. Agentlik antidopinq qaydalarına riayət olunmasına nəzarət edir, test və təhqiqat proseslərini həyata keçirir, təhsil və maarifləndirmə fəaliyyətlərini təşkil edir, Terapevtik İstifadə üçün İstisna (Tİİ) müraciətlərini qiymətləndirir, nəticələrin idarə olunmasını həyata keçirir və beynəlxalq standartlara uyğunluğu təmin edir.
  • Beynəlxalq federasiyalar (IF) — Müvafiq idman növləri üzrə beynəlxalq səviyyədə antidopinq qaydalarının tətbiqinə və test proqramlarına cavabdehdir. Beynəlxalq səviyyəli idmançılar müəyyən hallarda birbaşa bu qurumlara müraciət etməlidirlər.
  • Milli federasiyalar — Ölkə daxilində idman yarışlarını və fəaliyyətlərini idarə edir, AMADA ilə əməkdaşlıq çərçivəsində antidopinq təhsil proqramlarının həyata keçirilməsində iştirak edir.
  • Court of Arbitration for Sport (CAS – İdman Arbitraj Məhkəməsi) — Antidopinq işləri üzrə müstəqil apellyasiya instansiyasıdır və qərarların hüquqi baxımdan yenidən nəzərdən keçirilməsini təmin edir.
Ümumdünya Antidopinq Məcəlləsi dövri olaraq yenilənir və bütün imza tərəfi ölkələr üçün məcburi tətbiq olunur. Azərbaycan Respublikası bu sistemin iştirakçısıdır və müvafiq öhdəlikləri yerinə yetirir.
Mühüm risk amiliİdmançının hansı qurumun (milli federasiya və ya beynəlxalq federasiya) qaydalarına tabe olduğunu bilməməsi əlavə antidopinq qayda pozuntularına səbəb ola bilər. Beynəlxalq yarışlarda iştirak edən idmançılar müvafiq beynəlxalq federasiyanın tələblərini ayrıca nəzərdən keçirməlidirlər.
Resurslar
Öyrənməyə davam edin

Növbəti mövzu ilə tanış olun: Dəyərlər və etika →

Dəyərlər və etika

Antidopinqin əsasını təşkil edən dəyərlər idmançıların gündəlik qərar və davranışlarına istiqamət verir.

Ümumdünya Antidopinq Məcəlləsi (WADA tərəfindən qəbul edilmiş) antidopinqin əsas prinsiplərini "İdmanın ruhu" konsepsiyası üzərində qurur. Bu anlayış insanın fiziki, mənəvi və zehni xüsusiyyətlərinin vəhdətini ifadə edir. Dopinq bu prinsiplərə ziddir və idmanın fundamental dəyərlərini pozur.

"İdmanın ruhu" anlayışı

"İdmanın ruhu insanın fiziki, mənəvi və zehni xüsusiyyətlərinin ifadəsidir və həm fərdi, həm də kollektiv səviyyədə idmanda öz əksini tapır."

İdmanın əsas dəyərləri
  1. Dürüstlük və ədalətli oyun — İdman fəaliyyəti etik prinsiplərə uyğun aparılmalı, rəqabət bərabər şəraitdə həyata keçirilməlidir.
  2. Sağlamlıq — İdman sağlam həyat tərzini təşviq edir. Qadağan olunmuş maddələr isə sağlamlığa ciddi zərər vurur.
  3. Əzmkarlıq — Nailiyyətlər təbii bacarıq, sistemli məşq və davamlı zəhmət nəticəsində əldə olunmalıdır.
  4. Xarakter və inkişaf — İdman fərdi keyfiyyətlərin formalaşmasına və şəxsi inkişafın dəstəklənməsinə xidmət edir.
  5. Əyləncə və motivasiya — İdmanda iştirakın əsas məqsədlərindən biri müsbət emosiyalar və daxili motivasiyadır.
  6. Komanda ruhu — Birgə fəaliyyət və qarşılıqlı dəstək idmanın vacib elementlərindəndir.
  7. Hörmət — Rəqiblərə, qaydalara, hakimlərə və özünə hörmət idmanın əsas prinsiplərindəndir.
  8. Cəsarət — Dürüst seçimlər etmək və qaydalara riayət etmək yüksək iradə tələb edir.
  9. İctimai məsuliyyət — İdman cəmiyyətə təsir göstərir; təmiz idman prinsiplərinə riayət kollektiv məsuliyyətdir.

Məkan məlumatları və ADAMS sistemi

Qeydiyyata alınmış Test Qrupuna (QTQ) daxil olan idmançılar üçün məkan məlumatlarının təqdim edilməsi məcburi öhdəlikdir.

Yarışdan kənar dopinq nəzarəti antidopinq sisteminin əsas komponentlərindən biridir. Bu nəzarətin effektiv həyata keçirilməsi üçün idmançılar harada olduqları barədə məlumatları əvvəlcədən təqdim etməlidirlər. Məkan məlumatlarının düzgün və vaxtında təqdim edilməməsi antidopinq qayda pozuntusuna səbəb ola bilər.

Bilməli olduğunuz əsas məqamlar
  • ADAMS — Antidopinq İnzibatçılıq və İdarəetmə Sistemi (Anti-Doping Administration and Management System) — WADA tərəfindən idarə olunan rəsmi rəqəmsal platformadır. Məkan məlumatları bu sistem vasitəsilə təqdim edilir.
  • Rüblük məlumatların təqdim edilməsi — Hər rüb üçün məkan məlumatları əvvəlcədən və müəyyən edilmiş son tarixədək təqdim edilməlidir.
  • 60 dəqiqəlik zaman pəncərəsi — İdmançı hər gün üçün müəyyən edilmiş 60 dəqiqəlik zaman aralığında göstərilən ünvanda əlçatan olmalıdır.
  • Təqdim edilməli məlumatlar — Gecələmə yeri, məşq məkanları, yarış cədvəli, ünvan və əlaqə məlumatları.
  • Məlumatların yenilənməsi — Planlarda dəyişiklik olduqda, məlumatlar dərhal və əvvəlcədən ADAMS sistemi vasitəsilə yenilənməlidir.
  • Buraxılmış test (Missed Test) — Müəyyən edilmiş vaxt intervalında idmançının göstərilən ünvanda olmaması.
  • Məlumatın təqdim edilməməsi (Filing Failure) — Məkan məlumatlarının vaxtında və ya düzgün təqdim edilməməsi.
  • Qayda — 12 ay ərzində üç pozuntu (buraxılmış test və/və ya məlumatın təqdim edilməməsi) antidopinq qayda pozuntusu hesab olunur.
Mühüm risk amiliMəkan məlumatları üzrə öhdəliklərin yerinə yetirilməməsi, müsbət analiz nəticəsi olmadan belə, antidopinq qayda pozuntusuna və müvafiq sanksiyalara səbəb ola bilər. Bu səbəbdən məkan məlumatlarının mütəmadi və dəqiq şəkildə yenilənməsi vacibdir.
Resurslar
Öyrənməyə davam edin

Növbəti mövzu ilə tanış olun: Qida əlavələrinin riskləri →

Qida əlavələrinin riskləri

Qida əlavələrinin istifadəsi antidopinq qayda pozuntuları baxımından əhəmiyyətli risk daşıyır. Heç bir qida əlavəsi məhsulunun tam təhlükəsizliyinə zəmanət verilmir.

Beynəlxalq təcrübə göstərir ki, antidopinq qayda pozuntularının bir hissəsi qida əlavələrinin istifadəsi ilə əlaqədardır. Qida əlavələri dərman vasitələri kimi eyni səviyyədə tənzimlənmir və bu səbəbdən onların tərkibi hər zaman etiketdə göstərilən məlumatlarla tam uyğun olmaya bilər.

AMADA tərəfindən əsas tövsiyə olunan yanaşma "Sağlam Qida Yanaşması"dır: yəni, idmançılar yalnız zəruri hallarda və əsaslandırılmış ehtiyac olduqda qida əlavələrindən istifadə etməlidirlər.

Bilməli olduğunuz əsas məqamlar
  • Tənzimləmə — Qida əlavələri dərman vasitələri ilə müqayisədə daha fərqli tənzimlənir və satışdan əvvəl hər zaman müstəqil yoxlamadan keçmir.
  • Tərkib uyğunsuzluğu — Bəzi məhsullar etiketdə göstərilməyən qadağan olunmuş maddələr (məsələn, anabolik agentlər və ya stimullaşdırıcılar və s.) ehtiva edə bilər.
  • Çarpaz çirklənmə riski — Eyni istehsal xəttində müxtəlif məhsulların hazırlanması nəticəsində qadağan olunmuş maddələrin izləri məhsula keçə bilər.
  • Alternativ adlandırma — Qadağan olunmuş maddələr fərqli və ya dəyişdirilmiş adlarla təqdim edilə bilər ki, bu da onların müəyyən edilməsini çətinləşdirir.
  • Onlayn satış məhsulları — İnternet üzərindən əldə edilən və xüsusilə performans artırıcı kimi təqdim olunan məhsullar daha yüksək risk daşıyır.
  • "Təbii" və ya "bitki mənşəli" məhsullar — Bu ifadələr məhsulun təhlükəsizliyinə zəmanət vermir.
  • Üçüncü tərəf sertifikatlaşdırması (məsələn, Informed Sport, NSF Certified for Sport və s.) — müəyyən səviyyədə riskin azaldılmasına kömək edə bilər, lakin riski tam aradan qaldırmır.
  • Ciddi Məsuliyyət prinsipi — İdmançı orqanizminə daxil olan bütün maddələrə görə məsuliyyət daşıyır. Çirklənmə hallarında belə sanksiyaların tam aradan qaldırılması mümkün olmaya bilər.
Mühüm risk amiliQida əlavələrinin istifadəsi nəticəsində yaranan antidopinq qayda pozuntuları idmançıların karyerasına ciddi təsir göstərə bilər. Məhsulun tərkibi barədə məlumatsızlıq idmançını məsuliyyətdən azad etmir.

Tövsiyə: Qida əlavələrindən istifadə etməzdən əvvəl müvafiq tibb mütəxəssisi və ya AMADA ilə məsləhətləşmək tövsiyə olunur.

Resurslar
Öyrənməyə davam edin

Növbəti mövzu ilə tanış olun: Ciddi Məsuliyyət prinsipi →

Dopinq nəzarəti prosedurları

Dopinq nəzarəti WADA tərəfindən müəyyən edilmiş Test etmə və Araşdırmalar üzrə Beynəlxalq Standarta (ISTI) uyğun olaraq həyata keçirilir.

İdmançılar istənilən vaxt və istənilən yerdə, xəbərdarlıq edilmədən dopinq nəzarətinə cəlb oluna bilərlər.

Dopinq nəzarəti prosesi – 10 mərhələ
  1. İdmançı Seçimi (Selection) — İdmançı risk əsaslı, hədəfli və ya təsadüfi seçim əsasında dopinq nəzarətinə cəlb olunur.
  2. Bildiriş (Notification) — Dopinq Nəzarəti İnspektoru (DNİ) idmançıya şəxsən yaxınlaşır, özünü təqdim edir və rəsmi bildiriş verir.
  3. Nəzarət altında qalma (Chaperoning) — Bildirişdən sonra idmançı nümunə təqdim edilənədək müşayiət altında qalmalıdır.
  4. Dopinq nəzarəti məntəqəsinə gəlmə (Reporting to DCS) — İdmançı dərhal və ya əsaslandırılmış gecikmə ilə Dopinq Nəzarəti Məntəqəsinə (DNM) gəlir.
  5. Nümunə dəstinin seçilməsi (Selection of Collection Vessel) — İdmançı möhürlü və təhlükəsiz nümunə qabını özü seçir və yoxlayır.
  6. Nümunənin təqdim edilməsi (Sample Provision) — Sidik və ya qan nümunəsi müvafiq qaydalara uyğun şəkildə təqdim olunur.
  7. Nümunənin bölünməsi və möhürlənməsi (Splitting & Sealing) — Nümunə A və B qablarına bölünür və unikal kodla möhürlənir.
  8. Uyğunluq yoxlanışı (Sample Check) — Nümunənin uyğunluğu (məsələn, sidik sıxlığı) yoxlanılır.
  9. Sənədləşdirmə (Documentation) — Dopinq Nəzarəti Forması (DNF) doldurulur, idmançı bütün məlumatları yoxlayır və lazım gələrsə, qeydlər əlavə edə bilər.
  10. Laborator analiz (Laboratory Analysis) — Nümunə WADA tərəfindən akkreditə olunmuş laboratoriyaya göndərilir və analiz edilir.
İdmançı bioloji pasportu (İBP)

İdmançı Bioloji Pasportu birbaşa qadağan olunmuş maddəni aşkar etməyə deyil, bioloji göstəricilərdəki uzunmüddətli dəyişiklikləri izləməyə əsaslanır. Bu dəyişikliklər dopinq istifadəsinə dolayı sübut kimi qiymətləndirilə bilər.

Dopinq testi zamanı hüquqlar
  • İnspektorun şəxsiyyət vəsiqəsini yoxlamaq
  • Nümayəndə və ya müşahidəçi tələb etmək
  • Nümunə qabını seçmək
  • DNF formasına qeydlər əlavə etmək
  • B nümunəsinin analizini tələb etmək
  • DNF surətini əldə etmək
Mühüm risk amiliNümunə verməkdən imtina etmək, bildirişdən sonra nəzarətdən yayınmaq və ya Dopinq Nəzarəti Məntəqəsinə gəlməmək antidopinq qayda pozuntusu (AQP) hesab olunur və ciddi sanksiyalarla nəticələnə bilər.
Resurslar

Ciddi məsuliyyət prinsipi

İdmançı orqanizminə daxil olan hər bir maddəyə görə şəxsi məsuliyyət daşıyır.

Ciddi məsuliyyət (Strict Liability) prinsipi WADA tərəfindən qəbul edilmiş Ümumdünya Antidopinq Məcəlləsinin əsas prinsiplərindən biridir. Bu prinsipə əsasən, idmançının nümunəsində qadağan olunmuş maddənin aşkar edilməsi qayda pozuntusunun müəyyən edilməsi üçün kifayətdir.

Bilməli olduğunuz əsas məqamlar
  • Əsas prinsip — Qeyri-əlverişli analiz nəticəsi (AAF) aşkar edildikdə, maddənin idmançının orqanizminə necə daxil olmasından asılı olmayaraq məsuliyyət idmançının üzərində qalır.
  • Niyyətin sübutu tələb olunmur — Antidopinq təşkilatının idmançının qəsdən qayda pozuntusu törətdiyini sübut etməsi tələb olunmur.
  • Sübut öhdəliyi — Maddənin bilmədən (qeyri-ixtiyari dopinq halı) qəbul edildiyini iddia edən idmançı bunu sübut etməlidir.
  • Sanksiyanın azaldılması imkanı — Müəyyən hallarda (məsələn, çirklənmə hallarında) sübut təqdim edildikdə sanksiya azaldıla bilər, lakin tam aradan qaldırılması mümkün olmaya bilər.
  • Üçüncü şəxslərin rolu — Maddənin məşqçi, həkim və ya digər şəxs tərəfindən verilməsi, məsuliyyəti idmançının üzərindən götürmür.
  • Məlumatsızlıq müdafiə deyil — Qaydalar barədə məlumatsızlıq antidopinq qayda pozuntusuna görə məsuliyyətdən azad etmir.
  • Qida əlavələri ilə bağlı risklər — Qida əlavələrinin çirklənməsi nəticəsində yaranan dopinq halları geniş yayılmışdır və bu hallarda da məsuliyyət idmançının üzərinə düşür.

Tövsiyə: Hər hansı dərman vasitəsi və ya qida əlavəsi qəbul etməzdən əvvəl onun statusunu yoxlamaq tövsiyə olunur. Bu məqsədlə, GlobalDRO platformasından istifadə etmək və ya AMADA ilə məsləhətləşmək məqsədəuyğundur.

Mühüm risk amiliQadağan olunmuş maddənin orqanizmə daxil olması ilə bağlı "məlumatlı olmamaq" və ya "başqa şəxs tərəfindən verilməsi" kimi hallar məsuliyyəti aradan qaldırmır. Antidopinq qaydalarına əsasən məsuliyyət hər zaman idmançının üzərində qalır.
Resurslar

Terapevtik İstifadə üçün İstisna (Tİİ)

Qadağan olunmuş maddə və ya üsulun tibbi zərurət əsasında istifadəsi üçün icazə mexanizmi.

İdmançılar müxtəlif tibbi vəziyyətlərlə üzləşə bilərlər və bu hallarda istifadə olunan bəzi dərman vasitələri Qadağan olunmuş siyahıya daxil ola bilər. Terapevtik İstifadə üçün İstisna (Tİİ) idmançıya tibbi zərurət olduqda bu maddələrdən istifadə etməyə hüquqi əsas yaradır və antidopinq qaydalarına uyğunluğu təmin edir.

Tİİ verilməsi üçün şərtlər

WADA tərəfindən müəyyən edilmiş Terapevtik İstifadə üçün İstisna üzrə Beynəlxalq Standarta (ISTUE) uyğun olaraq, aşağıdakı dörd meyar eyni vaxtda təmin edilməlidir:

  1. Tibbi zərurət — Müalicə aparılmadıqda idmançının sağlamlığının əhəmiyyətli dərəcədə pisləşəcəyi sübut edilməlidir.
  2. Alternativin olmaması — Qadağan olunmamış uyğun müalicə alternativi mövcud olmamalıdır.
  3. Əlavə performans üstünlüyünün olmaması — İstifadə nəticəsində normal sağlamlıq vəziyyətinin bərpasından əlavə performans artımı əldə edilməməlidir.
  4. Əvvəlki istifadə ilə əlaqənin olmaması — Tibbi vəziyyət qadağan olunmuş maddənin əvvəlki istifadəsinin nəticəsi olmamalıdır.
Müraciət prosesi
  • Tibbi sənədlər hazırlanır
  • Müraciət ADAMS sistemi vasitəsilə təqdim olunur
  • Tİİ Komitəsi müəyyən edilmiş müddət ərzində müraciətə baxır (təcili hallarda sürətləndirilmiş prosedur tətbiq oluna bilər)
Müraciət səlahiyyəti
  • Milli səviyyəli idmançılar – AMADA-ya müraciət edir
  • Beynəlxalq səviyyəli idmançılar – müvafiq beynəlxalq federasiyaya müraciət edir
Etibarlılıq müddəti

Tİİ-lər müəyyən müddət üçün verilir. Müalicə davam etdikdə icazənin vaxtında yenilənməsi tələb olunur.

Retroaktiv Tİİ

Müəyyən hallarda (məsələn, təcili tibbi vəziyyətlərdə) istifadədən sonra müraciət edilə bilər. Bu halda tibbi əsaslandırma təqdim olunmalıdır.

Apellyasiya hüququ

Tİİ müraciəti rədd edildikdə qərardan Court of Arbitration for Sport qarşısında şikayət vermək mümkündür.

Mühüm risk amiliTibb mütəxəssisi tərəfindən yazılmış resept Tİİ-ni əvəz etmir. Hətta tibbi zərurət mövcud olsa belə, təsdiqlənmiş Tİİ olmadan qadağan olunmuş maddənin istifadəsi antidopinq qayda pozuntusu hesab olunur.

Tövsiyə: Tİİ müraciətinin yarışdan əvvəl və mümkün qədər erkən mərhələdə təqdim edilməsi tövsiyə olunur.

Resurslar
Öyrənməyə davam edin

Növbəti mövzu ilə tanış olun: Məlumat verin →

Dopinq şübhələrinin bildirilməsi

İdmanın dürüstlüyünün qorunması bütün iştirakçıların ortaq məsuliyyətidir. Şübhəli hallar barədə məlumat vermək antidopinq sisteminin effektivliyini təmin edən əsas mexanizmlərdən biridir. Təqdim edilən məlumatlar təhlükəsiz şəkildə idarə olunur və məxfilik qorunur.

Niyə məlumat vermək vacibdir

Dopinq təmiz idmançıların ədalətli rəqabət hüququnu pozur və idmanın əsas prinsiplərinə ziddir. Məlumat verməklə Siz:

  • İdmançıların sağlamlığının qorunmasına töhfə verirsiniz
  • Ədalətli oyun prinsiplərini dəstəkləyirsiniz
  • İdmanda şəffaflıq və dürüstlüyün təmin olunmasına kömək edirsiniz

Məlumatı hər kəs təqdim edə bilər: idmançılar, idmançının köməkçi heyəti, tibb mütəxəssisləri, valideynlər və digər şəxslər.

Məlumatların qorunması
  • Məxfilik — Təqdim edilən məlumatlar yalnız səlahiyyətli əməkdaşlar tərəfindən nəzərdən keçirilir və qorunur.
  • Anonimlik imkanı — Məlumat verən şəxs anonim qalmağı seçə bilər.
  • Qorunma tədbirləri — Antidopinq qaydalarına əsasən, məlumat verən şəxslərə qarşı hər hansı təzyiq və ya qisas tədbirləri qadağandır.
Nələri bildirmək olar

Aşağıdakı hallar barədə məlumat təqdim edilə bilər:

  • Qadağan olunmuş maddələrin və ya üsulların istifadəsi ilə bağlı şübhələr
  • Qadağan olunmuş maddələrin təklif edilməsi və ya yayılması
  • Şübhəli tibbi müdaxilələr və ya qeyri-qanuni müalicə üsulları
  • Dopinq nəzarətindən yayınma cəhdləri

Məlumat təqdim edilərkən mümkün qədər ətraflı məlumat (kim, nə, harada, nə vaxt) verilməsi tövsiyə olunur.